Abil Bayramov

 

Abil Bayramov – 1999-cu ildən bəri “Mülki cəmiyyətə doğru” Mərkəzin (İctimai Birlik) rəhbəridir. Təşkilat yerli özünüidarənin inkişafına yönəlik proqramlar həyata keçirir. A.Bayramov təşkilatın həyata keçirdiyi yerli özünüidarə qurumlarının institusional potensialının artırılması, maliyyə-iqtisadi əsaslarının gücləndirilməsi və s. istiqamətli bir çox layihələrin rəhbəri və əlaqələndiricisi olub.

A.Bayramov bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edib, 2004-2006-cı illərdə Yerli Özünüidarə və İctimai Xidmət İslahatları Təşəbbüsü, Dünya Bankı və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Yerli özünüidarənin inkişaf siyasəti əsasında yerli özünüidarə qurumlarının maliyyə əsaslarının gücləndirilməsi” layihəsinin ekspert qrupunun üzvü, 2006-2012-ci illərdə Avrasiya Fondunun “Bələdiyyə xidmətlərində şəffalıq” Proqramının məsləhətçisi olub.

A. Bayramov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, fiziki və hüquqi şəxslərin hüquqlarının məhkəmələrdə və digər dövlət orqanlarında müdafiəsi təcrübəsinə malikdir.

A.Bayramov bələdiyyə maliyyəsinin və yerli büdcələrin idarə edilməsində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması istiqamətində bir sıra tədqiqatların müəllifi olmuşdur.

A. Bayramov 1994-cü ildən 1997-ci ilədək Bakı Asiya Universitetinin, 1998-ci ildən 2009-cu ilədək Xəzər Universitetinin hüquq kafedrasının müəllimi olub. Bir çox kitabların və məqalələrin müəllifidir.

A. Bayramov Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür. O, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiq edilməsi istiqamətində Platformanın həyata keçirdiyi fəaliyyətlərin iştirakçısıdır.

A. Bayramov son illərdə sahibkarlığın inkişafı problemlərinə dair tədqiqatlar aparır və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır.