12.03.2015. "Maliyyə resurslarına əlçatanlılığın yaxşılaşdırılması yolları" mövzusunda dəyirmi masa

12.03.2015. Bu gün Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında “Maliyyə resurslarına əlçatanlılığın yaxşılaşdırılması yolları" mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masada sahibkarlar, müxtəlif şirkətlərin təmsilçiləri, ictimai birliklərin nümayəndələri və ekspertlər iştirak ediblər.

Birinci məruzəçi Rövşən Ağayev, dəyirmi masa iştirakçılarına kiçik sahibkarlıq kreditlərinə təminat mexanizmləri və risk amili haqqında məlumat verdi. O bildirdi ki, bu sahədə dünya təcrübəsi araşdırılıb və mühüm nəticələr əldə olunmuşdur. Rövşən Ağayevin sözlərinə görə, ABŞ-da kiçik və orta sahibkarların 77 %-i fəaliyyətləri dövrlərində ən azı bir dəfə kredit götürməklə bağlı müraciət edir və hər 100 sahibkardan 80-i kredit götürməyə müvəffəq olur. Daha sonra  Rövşən Ağayev dünyada kredit zəmanət fondlarının əhəmiyyətindən danışdı və bildirdi ki, inkişaf etmiş ölkələrdə 2000 belə fond fəaliyyət göstərməkdədir. Azərbaycanda isə hələlik kredit zəmanət fondları mövcud deyil. Rövşən Ağayev bildirdi ki, kredit zəmanət fondları yalnız kreditlərə zəmanət vermir, bununla bərabər sahibkarlara məsləhət xidmətləri təşkil edir və riskin idarəedilməsində onlara yardımçı olur. O həmçinin bildirdi ki, Azərbaycanda kiçik və orta sahibkarlığın kredit götürmə əmsalı aşağıdır.

Sonra araşdırmaçı-ekspert Samir Əliyev “Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyə çıxışının artırılması” mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, bu sahədə sorğu keçirilmişdir və sorğunun nəticələrinə görə sahibkarların 1/5-i maliyyə mənbələrinə çıxışla əlaqədar problem yaşadıqlarını bildirmişlər. Həmçinin məlum olmuşdur ki, kiçik və orta sahibkarlıq müəssisələrinin az hissəsi xarici maliyyə mənbələrindən yararlanır. Samir Əliyev həmçinin bildirdi ki, “Doing Business” hesabatında Azərbaycanda kreditlərin əldə olunması indikatoru pisləşib.

Sorğu nəticəsində o da məlum olmuşdur ki, kiçik və orta sahibkarların 90 %-i kredit faizlərinin yüksək olmasından şikayətçidir.
Araşdırmanın nəticəsinə görə, Avropada sahibkarların maliyyə mənbələrinə çıxışında ən yaxşı vəziyyət Lüksemburq, Finlandiya, Fransa kimi ölkələrdədir, bu sahədə ən pis vəziyyət isə Yunanıstan, Kipr, Rumıniyadadır.

Samir Əliyev kiçik və orta sahibkarlıqda mikro-müəssisələrin rolunu vurğuladı və bildirdi ki, dünyada kiçik və orta sahibkarlıqda mikro-müəssisələrin payı 80-90 % təşkil edir. O həmçinin qeyd etdi ki, Sahibkarlığa Kömək Milli Fondunun kreditlərinin kiçik və orta sahibkarlığa yönəldilməsi daha məqsədəuyğun olardı. O həmçinin Azərbaycanda ixtisaslaşmış bankların və kredit zəmanət fondlarının yaradılmasına da ehtiyac olduğunu vurğuladı.

Sonra tədbir iştirakçılarının məruzəçilərə ünvanladığı suallar cavablandırıldı və mövzu ətrafında müzakirələr aparıldı.