18.11.2016. Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd olunur

BAKI, 18 noyabr 2016 - Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Holiday Inn Otelində Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində "Azərbaycanda KOS-ların inkişafı" adlı konfrans keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən və USAID-in Kiçik Sahibkarlığın İnkişafına Dəstək layihəsinin dəstəyi ilə təşkil olunmuş bu tədbirdə Milli Məclisin, dövlət qurumlarının, ictimai birliklərin, beynəlxalq təşkilatların, səfirliklərin, beyin mərkəzlərinin və universitetlərin nümayəndələri iştirak edib. Konfransda Azərbaycanda kiçik sahibkarlığın inkişafı, mövcud vəziyyət və hədəflər, dövlət – biznes dialoqunun inkişafı yolları mövzularında məruzələr edilmişdir.

Konfransda ABŞ səfiri Robert Sekuta çıxış etmişdir. Səfir qeyd etdi ki, "Bu həftə, dünyanın 160-dan çox ölkəsində sahibkarlıq həftəsi kimi qeyd edilir. Noyabrın 14-dən 20-dək dünyada təxminən 10 milyon insan, müxtəlif tədbir və müsabiqələrdə iştirak edəcək, yeni nəsil sahibkarları ilhamlandıracaq". O həmçinin bildirdi ki, "Amerika Birləşmiş Ştatları Azərbaycanda uzun müddətdən bəri qadın və kişilərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını dəstəkləmişdir və dəstəkləməkdə davam edir. Biz, ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən layihələr vasitəsilə, sahibkarlıq bilik və bacarıqlarını artırmaqla, yeni biznes müəssisələrinin yaradılmasını dəstəkləyirik. Bu layihələr öz növbəsində qadın və gənclərdə sahibkarlığa maraq yaratmaqla Azərbaycanın gələcək biznes liderlərini formalaşdırır". ABŞ səfirinin sözlərinə görə "Ölkədəki ümumi biznes mühiti, sahibkarın biznesə başlamaq arzu və bacarığı qədər əhəmiyyətlidir. Bu səbəbdən ABŞ hökuməti, Azərbaycan hökumətinin biznes fəaliyyətinin asanlaşdırmasına yönəldilmiş son addımlarını alqışlayır. Siyasi və tənzimləyici mühit islahatları, biznes mühitini yaxşılaşdırır, rəqabəti gücləndirir və kiçik və orta biznesin inkişafına şərait yaradır. Bu ümumilikdə iqtisadiyyatı gücləndirməyə, potensial olaraq ixracı asanlaşdırmağa və azərbaycanlılar üçün yeni iş perspektivləri yaratmağa kömək edir. Bu, gənc qadın və kişilərə öz arzularını reallaşdırmağa imkan verir".

Çıxışlardan sonra, konfrans panellərlə davam etdirildi. Birinci panel, Azərbaycanda kiçik sahibkarlığın inkişafı: vəziyyət və hədəflər mövzusuna həsr olunmuşdu.

Panelin sədri Milli Məclisin üzvü Vahid Əhmədov idi. Paneldə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti şöbəsinin müdiri Elçin İbrahimov və ABAD publik hüquqi şəxsin şöbə müdiri Elvin Şirinov məruzə etdilər.

İkinci panel, Dövlət – Biznes dialoqunun inkişafı yolları mövzusuna həsr olunmuşdu. Panelin sədri Milli Məclisin üzvü Rasim Musabəyov idi. Paneldə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, AmCham Azərbaycan təşkilatının icraçı direktoru Natəvan Məmmədova və İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Qalib Bayramov məruzə etdilər.

Konfransın gündəliyi

İştirakçılar

Təqdimat: Ailə biznesinə ASAN dəstək. Məruzəçilər: Elçin İbrahimov (İqtisadiyyat Nizirliyi) və Elvin Şirinov (ABAD publik hüququ şəxs)

Təqdimat: Dövlət - özəl sektor dialoqu. Məruzəçi: Qalib Toğrul (İqtisadi Tədqiqatlar Mərkəzi)

Təqdimat: Azərbaycanda kiçik və orta sahibkarlığın kreditləşmə problemləri. Məruzəçi: Samir Əliyev (İqtisadi Təşəbbüslərə Yardım İB)